parabizen
05-06-2008, 06:30 AM
Salman Mümtaz
DÖZÜMÜN DAŞ SÜKUTU
Mümtaz əfəndi boyun-boyuna vermiş anasına, arvadına, qızına baxdı. Onların gözü qarşısında hadisələri sərtləşdirmək istəmədi. «Kitabxaneyi-Mümtaziyyə»sindəki kitabları, əlyazmaları, özünün araşdırmalarını qeyd etdiyi kağızları dəstələyib bağladı, kürəyinə alıb maşina apardı. Ona elə gəlirdi ki, kitablar, əlyazmaları qora dönüb əllərini, çiynini yandırır. Səbri tükəndi:
- Ay balam, sizin bu kiatblarla nə işiniz var axı?
Gələnlərdən biri onu təpiklə vurdu:
- Kəs səsini, cəld ol!
…Bayıl həbsxanasının həyəti qələbəlikiydi. Aylar sonra dustaqlara doğmalarıyla görüş verilmişdi. Həyətdə səslər bir-birinə qarışmışdı. Kimi ağlayır, kimi ürək-dirək verirdi. Ahıl yaşlı dustaq az danışırdı. Arvadı Zeynəbin suallarına cavab verə-verə başını onun çiyninə qoyan qızı Şəhlanın saçlarına sığal çəkirdi. Zeynəb qəhərini gizlətməyə çalışırdı:
- Necə dolanırsan?
- Yaxşıyam.
Qızı heyrətlə başını qaldıb atasını baxdı. Onun gözlərinin altı torbalanmışdı. Yanaqlarının sümükləri çıxmışdı. Ovurdu-ovurdundan keçirdi. Şişib-partlamış dodaqlarının qanı hələ qurumamışdı: «Babam qırx gündür ki, həbs olunub. Amma elə bil o vaxtdan uzun illər keçib. İlahi, insan necə dəyişərmiş». Salman Mümtaz sanki qızının ürəyindən keçənləri baxışlarından oxudu. İstər-istəməz əlini dodaqlarında gəzdirdi. Həbsxanada döyülməkdən ağzında bir dənə də dişi qalmamışdı. Həbsə alındığı gündən ilk dəfəydi ailəsiylə görüşürdü. Bu qırx gündə ən çox da qızından ötrü burnunun ucu göynəyirdi. İndi fikirləşirdi ki, kaş Şəhla bu görüşə gəlməyəydi. Artıq 21 yaşına çatsa da onun nəzərində hələ də uşaq olan bircə qızının keçirdiyi sarsıntı onu üzürdü. Özünü ələ aldı:
- Siz necə dolanırsınız?
- Yaxşıyıq.
Zeynəb tələsik cavab verdi. Evlərinin müsadirə olunduğunu, artıq mənzilnə üç ailənin köçürüldüyünü, özlərinin isə zirzəmi kimi balaca, rütubətli yerə köçürüldüklərini ondan gizlətdi. Salman Mümtaz başqa sual verdi:
- İsgəndərdən nə xəbər var?
- Yaxşıdır.
Oğlu Moskvada Rəssamlıq Akademiyasının beşinci kursundaydı. Orada öz evlərində yaşayırdı. Arbatdakı ikiotaqlı mənzili Salman Mümtaza SSRİ Yazıçılar İttifaqının fondundan yazıçı Maksim Qorki verdirmişdi. Atasının həbsindən sonra İsgəndəri xalq düşmənini oğlu kimi Akademiyadan qovsalar da, evi əlindən almadılar. İsgəndər kimi Şəhlanı da Bakı Dövlət Universitetinin kimya fakültəsindən çıxardılar. Ancaq bunları da Salman Mümtaza bildirmədilər. O da qızından «dərsləriniz necə keçir», - deyə soruşmadı. Dostlarından kimlərin üz döndərdiyini, etibarlısının qalıb-qalmadığını xəbər almadı. Arvadını, qızını yalan danışmağa məcbur etmək istəmirdi. Görüş başa çatırdı. Şəhlanı sinəsinə sıxdı: «Arxayın olun, sizə heç nə etməyəcəklər».
Onu kameraya gətirdilər. Bir küncünə çəkilib oturdu, dizlərini qucaqladı. Gözlərini yumdu. Bayıl həbsxanasına gətirildiyi gündən başına gələnləri çox götür-qoy etmişdi. Bu cəzadan qaçıb-qurtula bilərdimi? Axı həbsə alınması bir-iki günün hadisəsi deyildi. Aylardı gözgörəsi bu günə doğru yol gəlirdi. Həm də o, tək deyildi. Salman Mümtazın uzaqdan-yaxından tanıdığı ictimai-siyasi, elm, ədəbiyyat xadimləri bir-bir həbs olunurdular. Onları «burjua-millətçi, pantürks» kimi əvvəlcə tutduqları vəzifələrdən azad edir, ev dustaqlarına çevirirdilər. Ədəbiyyat, mədəniyyət, elm aləmindəki dövrünün «bülbülləri» isə səs-səsə verib Azərbaycan Yazıçılar İttifaqının toplantılarında, mətbuat orqanlarında həmin adamların yaradıcılığını təhlil, tənqid edir, «burju-millətçi ünsirlər» olduqlarını təsdiqləyirdilər.
Salman Mümtaza növbə 1937-ci ilin 19 iyununda çatdı. O, burjua-millətçisi kimi ifşa edilərək SSRİ Elmlər Akademiyasının Azərbaycan Filalının Tarix, Dil, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi vəzifəsindən kənarlaşdırıldı. Əslində bu Salman Mümtaza çox da böyük cəza kimi görünmədi. İşdən çıxarılmasını özünə dərd eləmədi. Axı ədəbiyyat yolunun yolçuluğuna hansısa elm mərkəzinin məvacibli qulluqçusu kimi başlamamışdı. Nadir əlyazmaları, kitabları toplayıb araşdıranda o, hələ taciriydi. Uzun illər yorulmaq bilmədən çalışdı. Əldə etdiyi əlyazmaları, kitablar onun dünyanın ən böyük kitabxanaları yanında öyünüləsi «Kitabxaneyi-Mümtaziyə»sini bəzədi. Salman Mümtaz yenə vaxtının əsas hissəsini orada keçirirdi. Dolanışıqdan da korluğu yoxuydu. Qayınları onları ehtiyac hiss etməyə qoymurdular.
İşdən uzaqlaşdırılandan sonra dününədək «Mümtaz əfəndi» deyib qarşısında az qala təzim edən bəzi elm adamlarının, yazıçıların, şairlərin soyuq üzünü gördü. Ancaq ətrafında baş verənlər əlini iş-gücdən soyutmadı. Mümtaz əfəndi yenə öz aləmindəydi. Başına gətirilə biləcəkləri düşünən dostları deyəsən ondan çox təşviş keçirirdilər. Rastlaşanda ehtiyatla yan-yörələrini baxıb həyacanla pıçıldayırdılar:
- Qardaş, səni tutacaqlar. Hələ ki, gec deyil. Sözə bax, şərait yaradaq, ailəni də götürüb keç İrana.
- Axı mən kimə neyləmişəm? Nəyə görə öz evimi tərk etməliyəm?
Yenidən Azərbaycandan ayrı düşmək, kənarda yaşamaq Mümtaz əfəndiyə ağır gəlirdi: «Mən ayrılığı doya-doya yaşamışam. İnsan bir ömür içində doğulduğu yurddan nə qədər uzaqda qalar axı?».
Anadan olduğu Şəkidə keçən uşaqlığından yaddaşında heç nə qalmamışdı. Aşqabada köçəndə Salmanın iki yaşı vardı. Orda yaşamaq barədə qərarı atası Məhəmmədəmin vermişdi. Məşhəddən ziyarətdən qayıdanda yolunu Aşqabaddan saldı. Orada çox ucuz qiymətə satılan torpaq sahəsindən alıb, yurd-yuva qurdu, dükan, karvansara sahibi kimi geri qayıtdı. Şəkidən köçməyə hazırlaşdığı vaxt sətəlcəmə tutulub 32 yaşında vəfat etdi. Anası Məşədi Zəhra ərinin var-dövlətini itib-batmağa qoymadı. Oğlanlarını, kiçik qardaşını da götürüb Aşqabada köçdü.
Salman balacalıqdan evin dolanışıq yükünün altına girdi. Qardaşıyla birgə dayısına ticarət işlərində kömək etdi. Getdiyi yeganə məktəb mollaxana oldu. Orda da cəmi üç ay oxudu. Ərəb, fars, urdi dillərini təkbaşına, rus dilini isə dükanlarına gələn zabit arvadlarıyla söhbətlərindən öyrəndi. Türk dillərinə böyük marağı vardı. Özbək, qırğız, türkmən dillərini də ona görə öyrəndi. Ədəbiyyat sirli bir aləm kimi onu özünə çağıranda Salman hələ çox gənciydi. «Molla Nəsrəddin» jurnalında «Xortdanbəy», «Sərçəbəy» və başqa imzalarla müxtəlif şerləri, məqalələri çap olundu. Qiymətli əlyazmaları, nadir kitabları toplamaqdan, tədqiq etməkdən gözəl məşğulliyyət tanımırdı. Bu yolda ticarətdən gələn gəlirlərinin böyük hissəsini xərcləyirdi.
…Yenə yadına Şəhla düşdü. Kitabxanasındaydı. Başı qədim bir əlyazmanı oxumağa qarışdığından qızının yanına gəldiyindən xəbəri olmamışdı. Böyük otağı tutan kitab rəflərini indicə görürmüş kimi heyrətlə süzən Şəhla uşaq marağıyla soruşdu:
- Baba, sən bu kitabların hamısını oxumusan?
Salman Mümtaz güldü:
- Heyif ki, təhsil görməmişəm, qızım. Əgər oxusaydım, riyaziyyatçı olardım. Bu iş mənə yüngül gəldiyindən onunla məşğul olmağa məcburam.
O vaxt artıq Bakıda yaşayırdılar. Bura 1918-ci ildə Məmmədəmin Rəsulzadə hökuməti hakimiyyət başına keçəndə gəldi. Onda nə qədər ümidliydi… Bakının mərkəzində dükanlar aldı. Həm ticarətlə məşğul oldu, həm də yazı-pozularıyla. Buradakı dostlarının çoxu siyasətçilər olsalar da o, siyasətdən uzaqıydı. Sovet hakimiyyəti qələbə çalandan sonra da yaxın dostu Nəriman Nərimanov dəfələrlə ona təklif etdi:
- Partiyaya keç.
- Mən başa düşə bilmirəm, bu nə hökumətdir? Camaatın evinə basqın edib yorğan-döşəyini, qab-qacağını aparır. Əgər kommunist partiyasının üzvü olmağımı istəyirsənsə, imkan tapıb məni Leninlə görüşdür. O, mənə desin ki, bu necə hökumətdir, necə siyasətdir.
Kommunist partiyası sıralarında bir yerdə olmasalar da, Nərimanovla sonadək dost qaldılar. Yaxın dostu, qaynı Həsən Rüstəmovu da bir dəfə həbsdən Nəriman qurtardı. Həsən möhkəm əqidəli müsavatçıydı. İkinci dəfə onu Tiflisdə tutdular. Xəbər Salmana çatanda artıq geciydi. Həsəni bolşeviklər güllələmişdilər.
1925-ci ildə tif xəstəliyinə tutulan Mümtaz əfəndinın yolunda çox əziyyətlərə qatlaşdı Nəriman. Hətta o zaman dostundan tez-tez xəbər tutmaq üçün onun evinə telefon da çəkdirdi.
O vaxt hələ ticarətlə məşğuluydu. Sonra sovet hökuməti dükanlarını əlindən aldı. Çoxlarından fərqli olaraq bunu özünə dərd eləmədi. Onsuz da vaxtının əsas hissəsi nadir əlyazmaların ardınca getdiyi müxtəlif şəhərlərdə, onları oxuyub-araşdırmaqda keçirdi. Akademiya açılanda orada, sonra «Azərnəşr»də şöbə müdiri işlədi. Bir-birinin ardınca klassik şairlər barədə yazdığı əsərlərini çap etdirdi. Mümtaz əfəndi artıq Azərbaycanda hər kəsin tanıdığı, hesablaşdığı elm xadimlərindəniydi. Mircəfər Bağırov ona ehtiramla yanaşırdı. Ancaq insan sərrafı olan Salman Mümtaz özünü birinci katibdən həmişə uzaq tuturdu.
Bir gün qapıları döyüldı. Gələn Cəfər Cabbarlıydı. Sözlü adama oxşayırdı:
- Cəfər, keç isəri
- Yox, gedirəm. Sən də tez ol, geyin, Bağırov maşında gözləyir.
- İndi gəlirəm.
Cəfər qapıdan çıxdı. Zəhra üst-başını səliqəyə salan ərinə yaxınlaşdı:
- Ay Salman, maşındakıları içəri dəvət elə də.
- Bağırovun bizə gəlməyi lazım deyil.
Sonralar birinci katiblə münasibətləri kəskinləşdi. Mümtaz əfəndi adəti üzrə çöldə baş verənləri evində danışmırdı. Amma o zaman Zəhra onun tutqun simasına baxaraq: «Salman, nə baş verir?» deyə soruşanda izahat verməli oldu:
- Bağırov dedi ki, mənə bir nadir əlyazması bağışla.
- Bəs sən nə cavab verdin?
Salman Mümtaz onun xasiyyətinə bələd olan arvadının ağarmış bət-bənizinə baxıb güldü:
- Nə cavab verəcəyəm? Dedim, eşşək nə bilir, zəfəran-plov nədir?
Mümtaz əfəndi olduqca ciddi, sərt adamıydı. Qonaqlıqlara, mərasimlərə getməyə zamanını boşa xərcləmək sayırdı. Hər dəqiqəsini hesablayırdı, yenə vaxt ona çatmırdı. Amma eşitsəydi ki, dünyanın o başında nadir əlyazması var, tərəddüd etmədən ora yollanırdı. İsmayıl bəy Qutqaşınlının «Rəşid bəy və Səadət xanım» əsərinin sorağıyla 30 ildən çox gəzdi, Urala, Şimali Qafqaza getdi.
…Gözlərinin qarşısında yenə «Kitabxaneyi-Mümtaziyə» canlandı. Əlləriylə başını sıxdı. Onu aparmağa işdən azad edildikdən altı ay sonra - 1937-ci ilin 8 oktyabrında gəldilər. Axşam saat 11-də yaşadığı Buynakski (indiki Şeyx Şamil küçəsi - red.) 25 ünvanlı evinin qarşısında üz-gözlərindən bədlik yağan iki kişi peyda oldu. Qapıya yaxınlaşanda Mümtaz əfəndi anasını yanında görmədi.
Məşədi Zəhra oğlunun iş otağına keçib divardan asılan ordeni götürdü. Mümtaz əfəndinin yadına 1918-ci ildə Nuri Paşayla Ənvər paşanın Azərbaycana gəlişlərinə həsr etdiyi şeir düşdü. Ordeni də ona o zaman Nuri paşa vermişdi. Məşədi Zəhra ən qiymətli xəzinə kimi qoruduqları ordeni götürüb hamama keçmişdi… O geri qayıdanda oğlunun iş otağından səs eşitdi. Gələnlərdən biri Salman Mümtaza deyirdi:
- Kitabxanada nə varsa hamısını yığışdır, aparacağıq.
Mümtaz əfəndi boy-boya vermiş doğmalarına - anasına, arvadına, qızına baxdı. Onların gözü qarşısında hadisələri sərtləşdirmək istəmədi. «Kitabxaneyi-Mümtaziyə»sindəki kitabları, əlyazmaları, özünün araşdırmalarını qeyd etdiyi kağızları dəstələyib bağladı, kürəyinə alıb maşina apardı. Ona elə gəlirdi ki, kitablar, əlyazmaları qora dönüb əllərini, çiynini yandırır. Səbri tükəndi:

Dolubədənli, ahıl yaşlı kişiyə səhərədək ikinci mərtəbədəki mənzilindən küçədə dayanan maşınlara kitablar, əlyazmaları daşıtdırdılar.
Sovet hökuməti ən böyük cəzanı ona elə həmin gecə verdi. Gözləri qarşısında talan olan ədəbiyyat xəzinəsi həbsxana divarları arasında yuxularından da çıxmırdı.
Həbs olunduqdan sonra ona ittihamnamə təqdim edildi. İlk danışığa isə 1937-ci ilin 10 oktyabrında çağırıldı. İstintaqı Dövlət Təhlükəsizliyi üzrə leytenat Qalstyan aparırdı. Qalstyan Salman Mümtazla danışığa kəskin ittihamlarla başladı:
- İstintaqa məlumdur ki, həbs olunduğunuz günədək ÜK(b)P-sı və sovet hakimiyyətinə qarşı mübarizə aparmısınız və əksinqilabçı-millətçi təşkilatın üzvüsünüz. Boynunuza alırsınızmı?
- Xeyir, boynuma almıram.
- İstintaq sizi xəbərdar edir ki, həqiqəti etiraf edəsiniz, yoxsa əksinçilabçı-millətçi təşkilatın üzvü kimi üzləşdirmə yoluyla ifşa olunacaqsınız.
Leytenant ayağa qalxdı. Xeyli otaqda var-gəl etdikdən sonra dustağa yaxınlaşdı. Arxayın-arxayın gülümsədi:
- «NKVD»nin təcridxanasında saxlanılan «AzFA»-nın (SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının - red.) keçmiş direktoru Ruhulla Axundov artıq sizi ifşa edib.
Qalstyan yerinə keçib əyləşdi. Masanın üstündən bir kağız götürüb ona uzatdı. Məhbusun qımıldanmadığını görüb oxumağa başladı: «1937-ci ilin 4 aprelində aparılan istintaq zamanı Ruhulla Axundov respublikada və Azərbaycan SSR EA-da əksinqilabi burjua-millətçi təşkilatın rəhbəri olduğunu etiraf edib. O, həmin təşkilata Salman Mümtaz, Bəkir Çabanzadə, Yusif Vəzirov, Seyid Hüseyn, Üzeyir Hacıbəyov, Hacıkərim Sanılı, Səməd Vurğun, Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Emin Abidov, Münzib, Sultan Məcid, Vəlixanov, Aşurbəyov, Qəzənfər Musabəyov və başqalarını cəlb etdiyini boynuna alıb». Qastyan başını qaldırıb Mümtaz əfəndiyə baxdı. O, halını dəyişmədən gözlərini bir nöqtəyə dikib susurdu. Qalstyan hövsələdən çıxdı:
- Boynuna alacaqsan!
- Heç vaxt…
Aldığı ağır zərbə Mümtaz əfəndiyə sözünü tamamlamağa imkan vermədi. Yerə yıxılıb huşunu itirdi…
Sonrakı günlərdə onu Ruhulla Axundov, Məmmədkazım Ələkbərli, Bəkir Çobanzadə, Qubaydulinlə üzləşdirdilər. Mümtaz əfəndi israr edirdi: «Üzləşdirildiyim adamları burjua-əksinqilabçı təşkilatın üzvləri kimi tanımıram, belə bir təşkilata cəlb edilməmişəm. 1925-ci ildən əksinqilabçı fəaliyyətlə məşğul olmamışam».
Salman Mümtaza qarşı irəli sürülən ittihamların sonu görünmürdü. Onu gah «Mahmud Kaşqarlının divanı»nın, gah da «Azərbaycanın milli dastanı «Koroğlu»nun buraxılmasında» təqsirli bilirdilər. Müstəntiq qəzəblə bağırırdı: «Məqsədin aydındır. «Koroğlu»nun nəşrilə xalqı SSRİ-yə qarşı milli azadlıq mübarizəsinə çağırmısan».
Tez-tez istintaqa çağırılırdı. Müstəntiq vərəqi onun gözləri qarşısında tutub qışqırırdı: «Etiraf elə, susduqca cəzanı artırırsan». Onun «dilini açmaq» üçün nələrə əl atmırdılar… Mümtaz əfəndiyə ən ağır işgəncələr verilirdi. Həbsindən bir neçə gün sonra artıq tanınmaz hala düşmüşdü. Ancaq 54 yaşlı məhbus verilən əzab-əziyyətləri dağ dözümü, daş sükutuyla qarşılayır, bütün təhqir və işgəncələrə baxmayaraq ittihamları qətiyyətlə rədd edirdi. Ondan əlini üzən Qalstyan 1937-ci ilin 7 dekabrında işi başa çatdırdı. Səhəri gün kapitan Avanesyan itihamnaməni elan etdi: «Azərbaycan SSR-in SSRİ-nin tərkibindən ayrılmasına çalışan, Azərbaycan əksinqilabı burjua-millətçi təşkilatın və 1936-cı ildə AzFA-da yaradılmış əksinqilabi-pantürkist Mərkəzin üzvü kimi fəal əksinqilabi iş aparan Salman Mümtaz təqsirli bilinir».
1938-ci ilin 8 yanvarında Salman Mümtazın işi üzrə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hazırlıq iclasının protokolu tərtib olundu. Bir gün sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar sessiyasının qapalı məhkəmə iclası keçirildi. İclas saat 15-də başladı. Salman Mümtaz ona qarşı irəli sürülən ittihamlarda özünü günahkar hesab etmədi. Hərbi kollegiya qərar verdi: «Əsgərov Salman Mümtaza əmlakı müsadirə edilməklə və 5 il müddətində siyasi hüquqlardan məhrum olunmaqla 10 illik həbs cəzası verilir».
Fevralın 24-də Sol-İleskuyu həbsxanasına yola salındı. Onu əvvəlcə dustaqlardan ibarət xüsusi vaqonla Orenburqa apardılar. Oradan isə Oryolda yerləşən dustaqxanaya göndərildi. Mümtaz əfəndi tezliklə insan xəzinəsinə düşdüyünü anladı. Həbsxanaya SSRİ-nin müxtəlif respublikalarından gətirilən «xalq düşmənlərinin» əksəriyyəti böyük ictimai-siyasi, elm, ədəbiyyat xadimləriydi. Söz gəzirdi ki, buradakı dustaqlar Stalinin diqqəti mərkəzində olduğundan ölkə rəhbərinin əlaltılarının onları aradan götürməyə cəsarətləri çatmır. Çünki qəflətən Stalinə həbsxanadakı məhbuslardan hansınınsa dirisi lazım ola bilər. Sağ qalmağa, geri dönməyə ümidləri varıydı. Salman Mümtaz arabir evinə yazdığı məktublarında doğmalarına təsəlli verirdi: «Özünüzdən muğayat olun, tezliklə görüşərik»…
Böyük Vətən Müharibəsi başlamışdı. Həbsxana nəzarətçiləri sovet qoşunlarının geri çəkildiyini onlardan gizlədirdilər. Amma xəbərlər həbsxanaya haradansa yol tapırdı: «Alman qoşunları Oryola yaxınlaşır. Üç-dörd saatdan sonra şəhərdə olacaq». Bu, eşitdikləri sonuncu xəbər oldu. Həbsxana rəhbərliyi həmin gün Moskvadan üstündə «tamamilə məxfi» yazılmış teleqram aldı. Siyasi dustaqlar barədə SSRİ-nin paytaxtında hökm verilmişdi. Təcili əmrin icrasına başlanıldı... 1941-ci ilin 21 dekabrında həbsxanadakı bütün siyasi dustaqlar güllələndi. Qətlə yetirilənlər arasında Salman Mümtaz da varıydı.
…Mümtaz əfəndinin: «Gözləyin, gələcəyəm», - sonluqlu, ümiddolu məktubları kəsildi. Ancaq Zeynəb də, Şəhla da, İskəndər də: «Yəqin babaya məktub yazmağa imkan verilmir», - deyib ondan əllərini üzmədilər. İllər keçirdi. Sürgünə göndərilənlər yavaş-yavaş qayıdırdılar. Onların da qulaqları səsdəydi. Kiminsə geri dönməsi xəbərini alar-almaz Şəhla soraqlaşıb onu tapırdı: «Mirzəni (Salman Mümtazı belə də çağırıblar-red.) görməmisiniz? Ondan bir xəbər eşitməsiniz?». Sürgündən dönən xalq artisti Hacıağa Abbasov dedi: «Mümtaz əfəndiylə Orenburqadək bir yerdə getdik. Bir müddət orada qaldıq. Sonra bizi ayırdılar. Mirzəni Oryola göndərdilər». Bir dəfə də köhnə Sovetski küçəsinə, sürgündən qayıdan bir kişinin yanına getdi: «Hə, mən onunla «etap»da olmuşam. Mirzə yaxşı kişiydi. Çox bilikliydi. Heç kim ona toxuna bilməzdi. Mirzəni qoruyurduq. Sonra bizi ayırdılar, məni Sibirə göndərdilər».
Ümidlərini: «Ələsgərov Salman Mümtaza ölümündən sonra bəraət verilir» cümləsiylə bitən məktub gələnədək qorudular. Mümtaz əfəndinin işinə aid ittihamnamə SSRİ Ali Məhkəməsi tərəfindən 1956-ci il noyabrın 16-da ləğv edilmişdi. Bu barədə onlar 1957-ci il martın 4-də məlumat aldılar. Ancaq sovet hökuməti yenə «yanlışlığa» yol verdi. Salman Mümtazın güllənləndiyi gizlədildi, onun alman qoşunlarının bombardmanı zamanı beyninə qansızmadan dünyasını dəyişdiyi bildirildi. Alimin müsadirə edilən 238 əlyazmasının müqabilində isə qızı Şəhlaya 6010 rubl 60 qəpik ödənildi.
Repressiya tufanında Mümtaz əfəndinin təkcə həyatına son qoyulmadı. Var-dövlətini, rahatlığını verib aldığı «Kitabxaneyi-Mümtaziyə»si də güdaza getdi. O kitabxanayla birgə neçə-neçə şairlərimizin, yazıçılarımızın əsərləri, onlar barədə tədqiqatlar tarixin qaranlıqlarına kömüldü. Yeni nəsillər bəlkə də neçə-neçə dəyərli şairin, onların əsərlərinin varlığından xəbərsiz qaldılar.
Salman Mümtaz aparınlan gecə evindən götürülən əlyazmalarının aqibəti barədə səhih məlumat verən tapılmadı. Kitabxananın müsabirə edildiyi günün səhəri «NKVD»-nin həyətində yandırıldığını söyləyənlər də tapıldı, oradan götürülən dəstə-dəstə kitabların, əlyazmaların, alimin araşdırmalarının üstünə çıxıb elektrik xəttləri düzəldildiyini, «peroşki»lər bükülüdüyünü gördüyünü deyənlər də. Bir gün Salman Mümtazın əlyazması gecə məktəblərindən birində göründü. Şagirdinin «tapşırıq dəftəri»nin bir tərəfindəki ərəb hərfləriylə yazılan qeydləri görən müəllim onun kimə məxsus olduğunu anlayanda heyrətləndi: «Yazıq Salman Mümtaz». Şagirdindən pıçıltıyla soruşdu:
- Bunları haradan götürmüsən?
- Mən «NKVD»də rəngsaz işləyirəm. Orda dəhliz bu kağızlarla doludur. Gördüm onların bir tərəfi ağdır, yazmaq üçün götürdüm.
Müəllim tərəddüdlə ətrafa baxdı. Sonra başına bəlalar gəlirilə biləcəyini düşünə-düşünə ürəyindən keçənləri gizlətmədi:
- Çalış bunlar itib-batmasın...
«Kitabxaneyi-Mümtaziyə»nin taleyindən başqa soraqlar da gəldi. «NKVD»-yə «yaxın» olan alimlərdən, ədəbiyyat adamlarından Salman Mümtazın kolleksiya şəklində topladığı nadir əlyazmaların və alimin elmi işlərinin bir hissəsini götürənlər olub» deyənlər vardı.
Əfsanələşən «Kitabxaneyi-Mümtaziyyə»dən az-çox kimlərinsə əlində qalması fikri qaldı. Salman Mümtazın işlədiyi elm ocağındakı araşdırmalarını üzə çıxaran «xeyirxahlar» da az olmadı. Salman Mümtazın tədqiqatları hesabına sanballı «alimlər» meydana çıxdı. Bunları görmək Şəhlanın ağrıdırdı.
O gün yenə fikirliydi. Kiçik oğlu Urxunun əlindən yapışıb küçəylə gedirdi. Qəflətən qarşısında dayanan maşının qapısı açıldı. Bir kişi onlara yaxınlaşdı:
- Siz Salman Mümtazın qızısınız?
- Bəli.
- Mən Şıxəli Qurbanovam. Bəs siz niyə gəlmirsiniz Mərkəzi Komitəyə?
- Gəlməyimdən nə çıxır? Onsuz da heç nə eləmirsiz.
- Elə deməyin. Siz gəlin Mərkəzi Komitəyə. Mən qətiyyən o kişinin zəhmətinin itməsinə yol verməyəcəyəm.
Səhəri gün MK-ya gedib, onunla görüşdü. Şıxəli Qurbanov söz verdi:
- Arxayın olun, kitablarını da buraxacağıq, adını da bərpa edəcəyik.
Bu söhbətin üstündən üç-dörd gün keçməmiş Şıxəli Qurbanovun vəfatı xəbərini eşitdi. Yenə Şəhla təkbaşına mübarizə apardı. Atasının başqa adlar altında dustaq olan əsərlərini müəllifinin imzasıyla qovuşdurmaq çətin oldu. Buna bir ömür yetmədi. Şəhla 80 yaşında ömrünü başa vurub bu dünyadan köçəndə də gözləri arxada qaldı. Salman Mümtazın əsərlərinin repressiyası davam edirdi…
ANSPRESS nəşriyyat evi "EL" dərgisinin redaktoru Zöhrə Fərəcova