PDA

Orijinalini görmek için tıklayınız : Güncü üsyanı


parabizen
04-19-2008, 10:28 AM
AZƏRBAYCAN LAYİHƏSİ: 1920-ci İL

GENCE ÜSYANI

Bu bir dərs idi. Çünki sovet rejiminə qarşı çıxan təkcə Gəncə deyildi. Azərbaycanın, demək olar ki, hər yerini, Ağdamı, Tərtəri, Şuşanı, Lənkəranı, Zaqatalanı, Şəkini… üsyanlar bürümüşdü. Ancaq təəssüf ki, azərbaycanlı vətənpərvərlər 1920-ci illərin əvvəllərində Azərbaycanın azadlığı uğrunda mübarizədə bir ola bilmədilər. «XI ordu» ən çox Gəncə üsyanını yatırarkən güc sərf etdi və 850 nəfər itirdi. Ona görə ki, burada üsyan digər bölgələrə nisbətən planlı şəkildə həyata keçirildi. Üsyanlar məqsədli olsa da, əlaqəli olmadı. «XI ordu» ciddi çətinlik çəkmədən onları məhv edə bildi.

Sovet hakimiyyəti illərində təhsil alan azərbaycanlılara Azərbaycan tarixi də öyrədilirdi. Ali məktəblərdə tədris edilən qalın cildli «Sov.İKP» tarixiylə, «dahi rəhbər» Vladimir İliç Leninin əlli cildlik əsəriylə, yaddaşımızda çətinliklə saxladığımız, müəllimlərimizdən qiymət alandan sonra çox zaman elə oradaca unutduğumuz SSRİ-nin, Azərbaycan SSR-nin qurultaylarıyla, plenum materiallarıyla müqayisədə bu düzdür, o qədər də nəzərə çarpmırdı, amma hər halda belə bir fənn var idi. O tarixin əvvəlki dövrləri, xüsusilə də Sovetlər dönəmi ilə bağlı səhifələrini olduğu kimi yox, yazıldığı kimi anladırdılar. Bizə öyrədilənlərdə bolşeviklərin «XI qızıl ordu»su 1920-ci ilin aprelində Azərbaycana buradakı fəhlə və kəndli zəhmətkeşlərinin xahişi ilə ona görə gəlmişdi ki, onları zülmdən, əsarətdən, əziyyətdən xilas etsin, sadə, əzabkeş insanlara səadət bağışlasın.
«XI ordu»nun Azərbaycana yürüş etdiyi vaxtlardan illər ötdükcə onun bu ölkədə axıtdığı qanlar quruyub, qırmızılığını itirirdi. Adətən, qan quruyub rəngini itirəndə qaraya çalır. Döyüşlərdə tökülən qanlar «qara kağız»a, «qara xəbər»ə dönür, tarixdə qapqara izlər qoyur. «XI ordu»nun axıtdığı qanlar isə tarix kitablarında, ədəbi əsərlərdə nədənsə saralırdı. Onu «XI qızıl ordu» deyə vəsf edirdilər. Adına şeirlər yazılır, şəninə nəğmələr qoşulurdu. Bunlar azərbaycanlı alimlərə, şairlərə, yazıçılara yazdırılır, Azərbaycan balalarına əzbərlətdirilirdi.
Bəli, sovet məktəblilərinə, sovet tələbələrinə öyrədilən tarix bambaşqaydı. Azərbaycan sovet tarixinin iftixarla öyrədilən bir səhifəsi də var idi. SSRİ-nin tabeliyində olan respublikalar arasında Sovet hakimiyyətini böyük sevinclə qarşılayanlar sırasında Azərbaycanın adı birincilər cərgəsində çəkilirdi. «Azərbaycanlılar «XI qızıl ordu»nu gül-çiçəklə qarşıladılar!». O zamanlar bu, öyünüləsi tarixi hadisə sayılırdı. Düzdür, Azərbaycanın ayrı-ayrı yerlərində qırmızıları gül-çiçəklə deyil, etirazlarla, hətta güllə-baranla qarşılayanlar da var idi. Onlar Sovet hakimiyyətinin qatı düşmənləri olan bəylər, xanlar kimi tanıdılırdı. «Azərbaycan tarixi» kitablarında bir-iki cümləylə yazılan 1920-ci ilin yazında baş verən Gəncə üsyanı da bunlardan biriydi.
Həqiqətdə o zaman Gəncədə nələr baş verirdi? Azərbaycanda Sovet hakimiyyəti illərində ən böyük üsyan sayılan bu hadisənin səbəbi və səbəbkarları kimləriydi?
Tarix elmləri namizədi Boran Əziz:
- Dünyada, təxminən, 5 minə yaxın xalq var. Onlardan yalnız 196-sı müstəqil dövlət kimi BMT-də qeyd olunub. Bunlardan biri də Azərbaycan xalqıdır. Bu çox böyük xoşbəxtlikdir və hər bir azərbaycanlının qürur, iftixar mənbəyidir. Ancaq hər bir azərbaycanlı unutmamalıdır: Azərbaycan xalqı öz dövlətçiliyini asanlıqla əldə etməyib. On illərlə ağır, üzücü, amma şərəfli mübarizə apararaq buna nail olub…
İstər «XI qırmızı ordu» Azərbaycanın dövlət müstəqilliyini əlindən almağa gələndə, istər Şura hökuməti burada öz rejimini bərqərar edəndə, istərsə də «dinc quruculuq illəri» adlanan sonrakı dövrlərdə, əslində, mübarizələr gedirdi. Gizli və aşkar, silahlı və silahsız… Azərbaycanda hər zaman sovet rejimiylə barışmayanların mübarizəsi davam edirdi.
B.Əziz:
- Bu mübarizə tarixi ədəbiyyatlarımızda milli azadlıq mübarizəsi kimi qeyd olunur və dörd mərhələyə bölünür: Bunlar 1875-1904-cü illər, 1905-ci ildən 1917-ci ilin fevralınadək, 1917-ci ilin fevralından 1918-ci ilin may ayının 28-nə qədər və sonuncu -1920-ci ilin aprelin 28-də «XI qırmızı ordu» tərəfindən işğal edildikdən sonra aparılan və 1991-ci ilin 18 oktyabrına qədər davam edən mərhələlərdir.
Bu illərdə azadlıq hərəkatı müxtəlif formalarda davam edib. Zəif və ya güclü, açıq silahlı üsyan, yaxud gizli təşkilatlar formasında aparılıb. Hər mərhələnin öz cəhətləri, spesifik xüsusiyyətləri olub. Sonrakı dövrlərlə müqayisədə 1920-ci illərdə sovet rejiminə qarşı mübarizə daha açıq şəkildə, kütləvi üsyanlar vasitəsilə, gizli siyasi təşkilatlar yaradılmaqla aparılıb...
Əslində, tariximiz bizlərə öyrədildiyi kimi deyildi. 1920-ci ilin Azərbaycanı öz azadlığından, müstəqilliyindən asanlıqla əl çəkmədi. Böyük bir ağrı yaşanırdı. Kimi bunu yalnız içində çəkir, kimi isə əlinə silah alıb, «ya azadlıq, ya ölüm» deyirdi. O günlərdə gəncəlilər də ikinci yolu seçdilər. Sovet hakimiyyətinin yol açanı kimi Azərbaycanı dolaşan «XI ordu»nu çiçəklə deyil, gülləylə, mərmiylə qarşıladılar.
B.Əziz:
- «XI ordu» sərhədlərimizi keçdikləri andan onlara qarşı müqavimət göstərilməyə başlandı. Yalama, Xudat, Xaçmaz və Xırdalan dəmir yol stansiyalarında işğalçı ordu etirazla qarşılandı. Sonralar bu etirazlar Azərbaycanın ayrı-ayrı bölgələrində də davam etdirildi. Gəncə üsyanı həm miqyası, həm də sovet rejiminə qarşı aparılan ilk kütləvi üsyan olması etibarıyla digərlərindən fərqlənirdi…
…1920-ci ilin mayı başlanmışdı. Azərbaycan xalqının tarixində baş verən böyük siyasi hadisədən, hakimiyyət dəyişməsindən, daha dəqiqi, azərbaycanlıların öz dövlət müstəqilliklərini itirdikləri vaxtdan günlər ötürdü. Yeni hökumət hələ qurulmamışdı. Bu böyük itkiylə barışmayan Azərbaycan övladları «XI ordu»nun qarşısını almaq, onu ölkənin hüdudlarından çıxartmaq üçün yollar axtarır, planlar qururdular.
B.Əziz:
-1920-ci ilin may ayının əvvəllərində Mirzə Davud Hüseynov Gəncədəki 3-cü piyada alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyova əmr etdi ki, qərbdəki Milli Ordu hissələrini cəmləşdirərək, Sovet hakimiyyətinin şərtləri əsasında fəaliyyətə başlasın. Əmr yerinə yetirilmədi. Bunu görən Mirzə Davud Hüseynov qərara gəldi ki, rəhbərlik dəyişilsin, əsgərlər isə tərk-silah edilsin. Əvvəlcə Gəncə komendantı şahzadə Məhəmməd Mirzə Qacar, sonra birinci piyada diviziyasının rəisi general-mayor Cavad bəy Şıxlinski və Cahangir bəy Kazımbəyli vəzifədən uzaqlaşdırıldılar...
Cahangir bəy Kazımbəyli əslən gəncəliydi. 1988-ci ildə Gəncədə dünyaya gəlib. Peterburq Hərbi Akademiyasını bitirib. Birinci Dünya müharibəsində Rusiya tərəfində vuruşub. Azərbaycan Demokratik Respublikasının Milli Ordusu yaradılanda Gəncəyə dönüb. Alay komandiri olub. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxıb. Cahangir bəy peşəkar hərbçiydi. Bilirdi ki, yeni hökumətə qarşı müqavimət silahlı yolla aparılmalıdır. Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyskini, altıaylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla İrana yola salıb, doğma şəhərinə döndü. Mübarizə başlayırdı…
B.Əziz:
- Gəncə üsyanı barədə Azərbaycan sovet tarixçilərinin uzun illər geniş, dürüst məlumat vermək imkanları olmayıb. Ona görə də ya susublar, ya da Gəncə üsyançıları Sovet hakimiyyətinin düşmənləri kimi qələmə verilib. Azərbaycanın hüdudlarından kənarda yazılıb Gəncə üsyanı barədəki həqiqətlər. Həmin hadisənin iştirakçılarının, yaxud Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi zamanlar dövlətin rəhbər vəzifələrində çalışan, Gəncə üsyanında iştirak etməsələr də, Gəncə üsyançılarıyla sıx əlaqədə olanların - Cahangir bəy Kazımbəyli, Məmmədəmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Ceyhun Hacıbəyli və başqalarının, eləcə də xarici azərbaycanşünas alimlərin əsərlərində Gəncə üsyanı haqqında maraqlı məlumatlara rast gəlmək olar...
Cahangir bəy də, silahdaşları da ilk gündən Sovet hökumətinə düşmən münasibət bəsləyirdilər. Onlar «XI ordu»nun işğaçılıq məqsədilə gəldiyini yaxşı bilirdilər. Ancaq ona qarşı dərhal silahlı mübarizəyə qalxmadılar. Bunun səbəbini o dövrdə yaranmış siyasi, iqtisadi və sosial vəziyyətdə axtarmaq lazım gəlir. Bolşeviklər xalq kütlələrini yaxşı tanıyırdılar. Ona təsir etmək üsulunu bilirdilər.
B.Əziz:
- Cahangir bəy xatirələrində silahlı üsyana nəyə görə 1920-ci ilin aprel ayının sonları, may ayının əvvəlləri deyil, bir qədər sonra başlamaları barədə maraqlı fikirlər var. Onun təhlili olduqca obyektivdir. O zaman əhali nə baş verdiyini anlamırdı. «XI ordu»nun işğalçılıq məqsədi barədə Azərbaycan hökumətinin Azərbaycan xalqına müraciəti də olmamışdı. İkinci tərəfdən, sovet rejimi əvvəlcə çox hiyləgər taktikaya əl atdı. «XI ordu»nun önündə «Şəriət alayı» gəlirdi. Şimali Qafqazda formalaşdırılan bu alayın əsgərləri müsəlman millətlərindəniydi. Onların yanında türk zabitləri də var idi...
Bolşeviklər xalqda çaşqınlıq yaratmağa müvəffəq oldular. «XI ordu»nun qarşısında «Şəriət alayı»nı və türk zabitlərini görən əhaliyə onun məqsədini başa salmaq, əsl üzünü göstərmək üçün zamana ehtiyac yarandı. Çünki xalq hər zaman gördüyünə inanır. Gec-tez gəlmələrin niyyətini anlayacaqdı. Bunu yaxşı bilən Cahangir bəy Kazımbəyov və silahdaşları boş oturmadılar. Onlar tezliklə baş verməsi zərurətə çevriləcək silahlı üsyana hazırlaşırdılar. Bunun üçün silahları bir yerə toplayır, şəhərdəki hərbi hissələri hiss etdirmədən döyüş hazırlığı vəziyyətinə gətirir, onlara təlimlər keçirdilər.
B.Əziz:
- Bakıya nisbətən Gəncədə bolşeviklər özlərinə o qədər də tərəfdar toplaya bilməmişdilər. Gəncədə onların nüfuzu aşağı idi. ADR vaxtı da bolşeviklər gəncəliləri dövlətə qarşı qaldıra bilmədilər. Yalnız tək-tək adamların, əsasən, kəndlilərin narazılıqlarından, torpaq, dolanışıq problemlərindən istifadə edərək onları ayağa qaldırmaq istəyirdilər. O vaxtlar Qatır Məmmədin narazılığı süni şəkildə şişirdilir, bunu sinfi mübarizəyə çevirmək istəyirdilər. Əslində, həmin kəndlilərə erməni daşnakları daha çox köməklik edirdilər. Ermənilər bir sıra cinayətlər törədərək bunu azərbaycanlı kəndlilərin narazılığı kimi qələmə verirdilər. Məsələn, Zülqədərov soyadlı bir ailənin bütünlüklə yandırılıb, məhv edilməsində ermənilər daha çox fəallıq göstərmişdilər…
Hələ işğaldan əvvəl gəncəlilər arasında şayiə yayıldı ki, «XI ordu» Azərbaycanı işğal etmək niyyətində deyil, buradan keçib Gürcüstana, oradan da Türkiyəyə köməyə gedəcək. Amma çox keçmədi, xalq «XI ordu»nun etdiyi qarətlərin şahidi oldu. Azərbaycanın bir sıra yüksək rütbəli zabitləri, nüfuzlu adamları öldürüldü. 1920-ci ilin 12 mayında Gəncə şəhər qubernatoru Xudadatbəy Rəfibəyli həbs olunub, Bakıya aparıldı. On gün sonra onu güllələdilər.
B.Əziz:
- «Şəriət alayı» da xalqın inamını doğrultmadı. Əhaliyə əzab verməkdə, sərvətlərini əllərindən almaqda, evlərini talan, qız-gəlinlərə qarşı təhqiramiz hərəkətlər etməkdə «XI ordu»dan geri qalmadılar. Bununla da özlərinə qarşı narazılıqlar yaratdılar. «Şəriət alayı»nın başçısı Zülfüqar xalq arasında o qədər böyük nifrət qazandı ki, mayın 27-də üsyan zamanı şəhər əhalisi onu ələ keçirib parça-parça elədi…
«XI ordu»nun əsl məqsədi ortaya çıxdıqca, yerli əhali onların çıxıb-getməsini istəyirdi. Həm də bu yalnız arzu olaraq qalmırdı. Gəncəlilərin yadelli işğalçıları qovmaq əzmi anbaan güclənirdi. Öz millətinin ruhuna bələd olan peşəkar hərbçi Cahangir bəy Kazımbəyli üsyan planının həyata keçirilməsi üçün lazımlı addımlar atdı.
B.Əziz:
- Mayın 22-də Cahangir bəyin təşəbbüsü ilə bir qrup hərbçi hələ bolşeviklərin əlinə keçməmiş Nüzgar kəndinə yığışıb müəyyən tədbirlər hazırladılar. Qərara gəldilər ki, silahlı üsyana qalxaraq dəmir yolunu tutmaqla Bakı ilə Qərb bölgəsinin əlaqəsini kəssinlər, oradakı «qızıl ordu» birləşmələrinin Azərbaycanın içərilərinə hərəkətinin qarsını alıb, bolşeviklərin hakimiyyətinə son qoysunlar. İki nəfər zabit Qarabağa, orada yerləşən milli ordu birləşmələri ilə əlaqə yaratmaq üçün yola salındı. Eyni zamanda Gəncədə yaşayan iki gürcü polkovniki Gürcüstanla fəaliyyət birliyi qurmaq məqsədilə Tiflisə göndərildi...
Hələ Gürcüstanda Sovet hakimiyyəti qurulmamışdı. Ancaq gürcülər yaxşı bilirdilər ki, növbə onlarındır. Bolşeviklər gürcülərlə azərbaycanlıların ümumi bəlasına çevrilmişdi.
B.Əziz:
- Azərbaycan işğal olunduqdan sonra «XI ordu» Qırmızı körpüyədək getdi. Gürcüstanı işğal etmək üçün zəmin hazırlanmışdı. Ancaq bolşeviklər yenə əsl planlarını açmırdılar. Çingiz İldırım Cahangir bəyə göstəriş verdi ki, Qırmızı körpüyə getsin. Guya gürcü ordusu oradan Azərbaycan ərazisinə hücum edəcək, onları inandırsın ki, «XI ordu»nun məqsədi Gürcüstandan keçib Türkiyəyə getməkdir. Bolşeviklər vaxt qazanmaq istəyirdilər. «XI ordu» Azərbaycanda tam möhkəmlənənədək gürcü ordusu ilə vuruşda əlavə qüvvə sərf etmək onun xeyrinə deyildi. Gürcülərin də Azərbaycandakı «XI ordu»nun məğlub və ya zəif salınmasında maraqları var idi. Ona görə də sovet rejiminə qarşı mübarizə aparmaq məqsədilə Cahangir bəy onlarla əlaqə yaratmaq niyyətinəydi...
Üsyan planı hazırıydı. Onları qanlı döyüş gözlədiyini bilirdilər. Əsas o idi ki, döyüş əhval-ruhiyyələri güclüydü. Apardıqları mübarizənin haqq olduğuna inanır, bu inamın gücüylə düşmənin üzərinə gedirdilər.
B.Əziz:
- Üsyançılar bir tərəfdən Gürcüstanın, digər tərəfdən, Zaqatala və Qarabağdakı Milli Ordu birləşmələrinin yardımına arxalanır, məqsədlərinə nail olacaqlarına inanırdılar. Silah-sursat cəhətdən vəziyyətləri pis deyildi. Hələ ADR-in hakimiyyəti illərində Qarabağda ermənilərin hücumlarının qarşısını almaq üçün Milli Ordumuzun bir hissəsi Qarabağa göndərilmişdi. Gəncə üsyanının rəhbərləri həmin silah-sursatı Gəncəyə gətirməyə nail olmuşdu...
Hərbi təlimlər nə qədər gizli keçirilsə də, xəbər bolşeviklərə çatdı. «XI ordu» hissələri Azərbaycan diviziyasının qərargahlarına hücuma keçdi.
B.Əziz:
- Mayın 25-dən 26-na keçən gecə həyata keçirilən hücumun qarşısı alındı. Əsgərlər əks-hücuma keçdilər. Şəhərin müsəlmanlar yaşayan hissələrində «XI ordu» qruplaşmalarını tərk-silah edərək 600 nəfərdən ibarət şəxsi heyəti əsir götürdülər. Gecəylə məhbuslar həbsxanalardan azad edildilər. Şəhər əhalisi üsyançılara qoşulmaq istəyirdi. Onlara silah paylanıldı. Gəncədə on səkkiz-iyirmi min hərbçi var idi. On min nəfər silahlanmış dinc əhali də onlara qoşuldu. Üsyançıların sayı on iki min nəfərə çatdı...
Üsyan Gəncəni və ətraf bölgələri əhatə edirdi. Gəncənin hər tərəfindən üsyançılara köməyə gələnlərin sayı artırdı. Ona görə də bolşeviklər, ilk növbədə, bunun qarşısını almağa cəhd göstərdilər və buna nail oldular.
B.Əziz:
- Mayın 27-dən «XI ordu» tərəfindən Gəncə, əsasən, mühasirəyə alındı. Köməyə gələnlərin yolu bağlandı. Amma bu vəziyyətdə də silahlı üsyançıların sayı bolşevikləri qorxudurdu. Orada, eləcə də Samux tərəflərdə yaşayan ermənilər «XI ordu»ya yaxından köməklik göstərirdilər. Gəncə üsyançılarının qüvvələrinin zəifləməsinə ermənilər böyük təsir göstərdilər. Çünki üsyançılar «XI ordu»ya qarşı vuruşduqları zaman ruslarla əlaqə saxlayan ermənilər onlara arxadan hücum edirdilər. Ona görə də qüvvənin bir hissəsini onlara qarşı yönəltmək zərurəti yaranırdı...
Ermənilər öz düşmənçiliklərini təkcə bu yolla göstərmirdilər. Həm də yaranmış vəziyyətdən istifadə edib, dinc əhalini qırır, evlərini dağıdır, qarət edirdilər.
B.Əziz:
- Cahangir bəy xatirələrində qeyd edirdi ki, 1920-ci ilin may ayının 24-dən 25-nə keçən gecə artıq onlar şəhərdəki bolşevik ordusunu tərk-silah eləyib, burada hakimiyyəti ələ almışdılar. Şiddətli döyüşlərdən biri mayın 28-də oldu. Həmin vaxt həm Sovet hökuməti «XI ordu»nun zərbə qüvvəsini Gəncəyə göndərmişdi, həm də mayın 28-i Azərbaycanın istiqlalı günü idi. Camaatda bayram əhval-ruhiyyəsi var idi. Belə bir gündə bolşeviklər Gəncə üsyançılarına elə divan tutmaq istəyirdilər ki, bu, Azərbaycanın digər əraziləri üçün dərs olsun, Sovet hökumətinə qarşı mübarizəyə qalxmağın böyük faciələrə gətirib-çıxaracağını anlasınlar.
Mayın 28-də qanlı döyüş oldu. Bolşeviklər məqsədlərinə çata bilmədilər. Cahangir bəyin bu həlledici döyüşdən əvvəl bir neçə hərbçi ilə Gəncənin ətrafını gəzib, düşmənlərin hücum istiqamətini düzgün müəyyənləşdirərək əsas qüvvəni məhz o istiqamətə yönəldə bilməsi, eləcə də hərbçilər arasında aparılan söhbətlər, yerli əhalinin köməyi mayın 28-də şəhərin «XI ordu» tərəfindən tutulmasına imkan vermədi...
Ancaq vəziyyət son dərəcə ağır idi. Cahangir bəyin planları pozuldu. Qarabağa yola saldıqları zabitlər qırmızılar tərəfindən Gəncə-Yevlax yolunda saxlanılaraq qətlə yetirilmişdilər. Gürcüstandan isə səs-soraq yox idi. Həmin gecə - mayın 28-də Gəncə üsyançılarına çatan xəbər ürəkaçan deyildi: Gürcüstan Rusiyayla müqavilə imzalamışdı.
B.Əziz:
- Mayın 29-da «XI ordu» şimal və şimal-qərb istiqamətlərindən şəhərin ucqar məhəllələrinə daxil ola bilsə də, əhalinin köməyi ilə üsyançılar onların həm bu, həm də cənub və cənub-qərb istiqamətdən etdikləri hücumların qarşısını aldılar. Sonrakı gün bir qədər sakit keçdi. Mayın 31-də şəhərə şimal istiqamətdən hücuma keçən «XI ordu» kəskin müqavimətlə qarşılaşdı. Üsyançıların vəziyyəti ağırıydı. Ancaq döyüş əzmi onları tərk etməmişdi. Demək olar, hər ev uğrunda mübarizə aparır, düşmən tərəf isə atəş gələn evləri top atəşinə tutaraq yerlə-yeksan edirdi. Ermənilər daha da fəallaşmışdılar. Fürsətdən yararlanaraq dağıntılar törədir, müsəlmanları qətlə yetirirdilər. Xeyli adamı cameyə dolduraraq od vurub yandırmışdılar. Mayın 31-də axşamtərəfi «XI ordu» şəhərə nəzarəti ələ keçirdi.
Cahangir bəylə bərabər hərbçilərdən ibarət kiçik dəstə döyüşə-döyüşə mühasirəni yarıb Bərdə istiqamətinə, oradan isə Qarabağın içərilərinə doğru irəlilədi və Nuru paşanın hərbi birləşmələrinə qoşuldular...
Onlar mühacirətə yollandılar. Ömürlərinin sonrakı illərini Vətənə dönmək, Azərbaycanı yenidən müstəqil, azad görmək istəyilə keçirtdilər. Gəncədə isə üsyan yatırıldıqdan sonra bolşeviklər və erməni daşnakları daha da azğınlaşdılar. Onlar şəhəri üç gün qarət etdilər.
B.Əziz:
- On üç min nəfərdən artıq vətənpərvər Gəncə üsyan və sonrakı «təmizləmə» vaxtı qətlə yetirildi. Üsyan zaman xeyli hərbçi şəhid oldu. Üsyan yatırıldıqdan sonra isə altı general, altı polkovnik, üç mayor və yeddi kapitan qətlə yetirildi. Yetmiş altı nəfər hərbçi Narginə aparılıb orada güllələndi...
Bu bir dərs idi. Çünki sovet rejiminə qarşı çıxan təkcə Gəncə deyildi. Azərbaycanın, demək olar ki, hər yerini, Ağdamı, Tərtəri, Şuşanı, Lənkəranı, Zaqatalanı, Şəkini… üsyanlar bürümüşdü. Ancaq təəssüf ki, azərbaycanlı vətənpərvərlər 1920-ci illərin əvvəllərində Azərbaycanın azadlığı uğrunda mübarizədə bir ola bilmədilər. «XI ordu» ən çox Gəncə üsyanını yatırarkən güc sərf etdi və 850 nəfər itirdi. Ona görə ki, burada üsyan digər bölgələrə nisbətən planlı şəkildə həyata keçirildi. Üsyanlar məqsədli olsa da, əlaqəli olmadı. «XI ordu» ciddi çətinlik çəkmədən onları məhv edə bildi. Onlar ölümün əsarətdə yaşamaqdan çox-çox şərəfli olduğunu göstərdilər. Onlar öz qanlarıyla bir tarix yazıb getdilər. Bu tarixi Sovet hakimiyyətinin uzun illər apardığı manqurtlaşdırma siyasəti belə yaddaşlardan silə bilmədi.

Zöhrə FƏRƏCOVA `ANS PRESS` "EL" Dergisinin genel yayın yönetmeni